Baş xəbər

Səhhəti pisləşən Hafiz Babalı tibb məntəqəsinə köçürülmədiyini deyir

Həbsdə olan jurnalist Hafiz Babalı səhhətinin pisləşməsinə baxmayaraq tibb məntəqəsinə köçürülmədiyini deyir. 

Bu barədə dekabrın 6-da “Facebook” səhifəsində ictimailəşdirilən mesajda o bildirib ki, ayağındakı vəziyyət “artıq çox ciddi hal alıb”. Jurnalist daha öncə isə xəbər vermişdi ki, ayağında qızartı və yaralar əmələ gəlib. 

H.Babalının sözlərinə görə, saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin həkimi ona baxış keçirib və ayağında qızılyel infeksiyası müəyyən edib. 

“Müalicə olaraq Sefazolin-Akos iynəsi vurulub. Buna baxmayaraq, vəziyyət ağır olaraq qalır. Bütün bunlara rəğmən, məni nə 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi-sanitar şöbəsinə, nə də müəssisə daxili və ya xarici tibbi müayinə məntəqəsinə köçürmək üçün şərait yaradılmır. Müalicənin davam etdirilməsi və vəziyyətimin nəzarətdə saxlanılması üçün zəruri addımlar atılmır”, – o qeyd edib. 

H.Babalı əlavə edib ki, səhhətindəki problemlər artıq gündəlik həyatımı “ciddi şəkildə çətinləşdirir” və sağlamlığına “real təhlükə yaradır”. 

O, aidiyyatı qurumları “qanunla təmin olunmuş tibbi təminat hüququmun bərpası üçün” tədbir görməyə çağırıb. 

Hafiz Babalı 2023-cü ilin dekabrında “Abzas Media işi” çərçivəsində həbs olunub. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər.

Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Xəbər Xətti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button