Müşfiq Atakişiyevin sifarişi ilə prorektor qətli: Cəza qüvvədə qaldı

Ali Məhkəmə qərarı: Dəyanət Quliyevin kasasiya şikayəti təmin olunmadı
“Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətlində təqsirləndirilən universitetin keçmiş rektoru Müşfiq Atakişiyevin bacısı oğlu Dəyanət Quliyevin kasasiya şikayətinə Ali Məhkəmədə baxılıb. Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin olunmayıb. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə qalıb. Təqsirləndirilən şəxslərin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Prorektor Tariyel Əhmədovun qətli və istintaqın nəticələri
Cinayət işi 2011-ci il sentyabrın 16-da “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qəsdən öldürülməsi faktı ilə bağlı başlanmışdı. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilmişdi. İbtidai istintaq zamanı universitetin rektoru vəzifəsində çalışmış Müşfiq Atakişiyevin Tariyel Əhmədovu öldürmək sifarişini qohumu Dəyanət Quliyevə verməsi, onun da sifariş əsasında Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilmişdi.
Qətlin motivləri və cinayət planı
Toplanmış sübutlar keçmiş rektorun Tariyel Əhmədovu rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün qisas məqsədilə öldürmək istədiyini göstərirdi. O, bu qətli öz qohumu Dəyanət Quliyevə pul müqabilində sifariş vermişdi. Quliyev isə 40 min ABŞ dolları, habelə gələcəkdə maddi və mənəvi dəstək vədi ilə bu cinayəti həmkəndlisi Samir Quliyevə sifariş etmişdi. Samir Quliyev bir neçə gün Tariyel Əhmədovu izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində ona hücum edib. O, küt əşya ilə Tariyel Əhmədovun baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə endirərək onun ölümünə səbəb olan xəsarətlər yetirmişdi.
İttihamda qeyd edilib ki, rektor vəzifəsində olarkən Atakişiyev prorektor Tariyel Əhmədovu özünə rəqib hesab edib. O, gələcəkdə Əhmədovun rektor ola biləcəyini düşünərək onu aradan götürməklə problemləri həll edəcəyi qənaətinə gəlib. Bu barədə o, bacısı oğlu, polis əməkdaşı Dəyanət Quliyevlə danışıb və ona Tariyel Əhmədovu avtomobillə və ya küt alətlə vurmağı tapşırıb. Dəyanət Quliyev uşaqlıq dostu Samir Quliyevlə görüşərək prorektoru öldürmək üçün ona 40 min dollar pul verib. Plana əsasən, prorektor səhər gəzintisinə çıxdığı vaxt Samir Quliyev onu vurmalı idi. Samir Quliyev bir neçə gün izləmədən sonra səhər saat 4-5 radələrində tək gəzintiyə çıxan Tariyel Əhmədovu yaxalayıb. O, əlindəki dəmir boru ilə Əhmədovun başına bir neçə güclü zərbə endirib, daha sonra cinayət alətini kimsəsiz əraziyə ataraq hadisə yerindən qaçıb.
Təqsirləndirilən şəxslər və onların karyerası
Müşfiq Atakişiyev və Dəyanət Quliyev Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdilər. Məlumata görə, Dəyanət Quliyev cinayət törədilən zaman daxili işlər orqanlarında, 2000-ci ildən 2020-ci ilə kimi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsində əməliyyat müvəkkili işləyib. Samir Quliyev isə taksi fəaliyyəti ilə məşğul olub.
İqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İnstitut nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifələrində də çalışıb. Rektoru olduğu Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.



