Müharibədən qaçan ukraynalı kimsəsiz uşaqlar Türkiyədə şiddətə məruz qalıb

Rusiyanın Ukraynada apardığı müharibədən qaçaraq Türkiyədə hotelə sığınan kimsəsiz uşaqların zorakılığa, təhqirə və baxımsızlığa məruz qaldığı bildirilir.
Bu barədə Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) dekabrın 3-də dərc etdiyi araşdırmada qeyd olunub. Araşdırma 7 uşaqla konfidensial müsahibələr və Ukrayna Ombudsmanının hesabatı əsasında hazırlanıb.
Araşdırmaya əsasən, 2022-ci ilin fevralında Rusiya işğalı başlayandan sonra Dnepr şəhərindəki internat məktəbinin şagirdləri baxıcıları ilə birlikdə Antalyadakı bir hotelə aparılıblar.
Evakuasiya Ukrayna hökuməti tərəfindən deyil, yerli iş adamı və milyonçu Ruslan Şostak tərəfindən, onun yaratdığı “Ruslan Şostak Fondu” vasitəsilə təşkil olunub. “Müharibəsiz Uşaqlıq” adlı layihə çərçivəsində ümumilikdə 3500 uşaq və baxıcı Türkiyənin Antalya bölgəsindəki bir neçə hoteldə yerləşdirilmişdi.
2024-cü ilin martında Ukrayna Ombudsman ofisi hotellərin birində təftiş aparıb, oradakı şəraitlə bağlı hesabat hazırlayıb.
Yoxlama zamanı “Larissa“ hotelindəki çoxsaylı qanun pozuntuları aşkarlanıb. Hesabata əsasən:
• otaqlar həddindən artıq dolu və antisanitar idi;
• içməli su və tualetlərə sərbəst çıxış məhdudlaşdırılırdı;
• uşaqlar təhsilə yalnız epizodik qoşula bilirdi – planşetləri cəza kimi əllərindən alındığı üçün;
• tibbi yardım gecikdirilir və bəzi hallarda ümumiyyətlə göstərilmirdi;
• uşaqlar fiziki zorakılığa məruz qalırdı.
Hesabatda qeyd olunur ki, uşaqlar fond üçün çəkilən ianə videolarında oxumağa və rəqs etməyə məcbur edilir, imtina edənlər isə utandırılır və ya cəzalandırılırdı.
OCCRP bildirir ki, bir neçə təhlükəli hadisə də gizlədilib.
“13 yaşlı uşaq üçüncü mərtəbədən yıxılaraq beyin travması alıb, lakin hadisə rəsmilərə bildirilməyib. Başqa uşaqlar müəssisədən qaçaraq alkoqol və narkotiklərlə təmasda olublar. Bir qızın qaçışından sonra silahlı bir şəxs hoteldə görünüb. İki gün itkin düşən başqa bir qız isə sahildə tapılıb”, – hesabatda quid olunub.
Daha ağır iddialardan biri də iki ukraynalı qızın Türkiyədə hamilə qalmasıdır. Hər iki qız ölkənin razılıq yaşından kiçik olsa da, Fond bu barədə Türkiyə sosial xidmətlərinə məlumat verməyib. Türkiyə hökuməti yalnız sonradan xəbər tutduğunu və araşdırma başladığını açıqlayıb.
Hesabatda o da yazılıb ki, baxıcılar uşaqlara təzyiq göstərib, şəraitlə bağlı açıq danışmamağı tapşırıb.
Uşaqları ötən ilin sonunda Ukraynaya qaytarıblar. Onlardan ikisi daha öncə qaytarılmışdı, hotelə girmiş türkiyəli kişilərdən hamilə qalıblarmış. Qızların yaşı, Türkiyə qanunvericiliyinə görə, cinsi əlaqəyə razılıq vermək həddinə çatmasa da, xeyriyyə fondu bu barədə hüquq-mühafizə orqanlarına xəbər verməyib.
Şostak iddiaları rədd edərək problemin səbəbini “uşaqların Ukrayna uşaq evlərindən gətirdiyi çətinliklərlə” izah edib. O, Ombudsmanın hesabatını oxumadığını deyib, lakin nəticələrin “səhv” olduğunu iddia edib.
Fond jurnalistlərə vəziyyətin sonradan yaxşılaşdığını sübut edən sənədlər göndərəcəyini desə də, əvəzində təsadüfən araşdırmanı “neytrallaşdırmaq” üçün nəzərdə tutulmuş PR planını yollayıb.
OCCRP qeyd edir ki, hesabat heç vaxt ictimaiyyətə açıqlanmayıb və Ukrayna dövlət qurumları jurnalistlərin sorğularına cavab verməyib.
Türkiyə hökuməti dekabrın 1-də bildirib ki, ukraynalı qızların hamilə qalması barədə onlara rəsmi şikayət daxil olmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.



