Şikayət

Elnur Abdullayev: Adnan Əhmədzadənin media pulları və təxribat şəbəkəsi

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəisi, tanınmış iş adamı Adnan Əhmədzadənin həbsi Ramiz Mehdiyevlə bağlı ittihamların yaratdığı gündəmi bir qədər kölgələyib. Adnan Əhmədzadəyə qarşı Azərbaycanın iqtisadi təhlükəsizliyinə təxribat törətmək və külli miqdarda vəsait mənimsəmək ittihamları irəli sürülüb. Lakin Adnan Əhmədzadənin arxasında duran şəbəkənin gücü heç də “mehdiyevçilər” qrupundan zəif deyil. Həbsdən sonra onunla əlaqələri diqqətə gələn adlar arasında Elnur Baimov və Elnur Abdullayev də var. Ölkə mediasında bu iki şəxslə bağlı yayılan məlumatlara əsasən apardığımız araşdırmanın nəticələrini təqdim edirik:

Ziya Məmmədovdan Adnan Əhmədzadəyə qədər uzanan yol: Elnur Baimovu kim yönləndirir?

2000-ci illərin əvvəllərində sığorta şirkətlərində çalışan menecerlərin media sahəsinə baş redaktor kimi cəlb edildiyi bir dövr yaşanırdı. Mərhum deputat Anar Məmmədxanovun təsis etdiyi Day.az saytının rəhbərliyinə gətirilən Elnur Baimov da məhz sığorta sektorundan gəlmişdi. Anar Məmmədxanovun ona olan etimadı uzun illərin dostluğuna əsaslanırdı, belə ki, hər ikisinin atası Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsində çalışırdı. Qısa müddətdə Day.az-da uğur qazanan Elnur Baimov Turbo.az, Tap.az, Bina.az, Bos.az, Gun.az, “Muğam radio” kimi geniş media resurslarına rəhbərlik etməyə başladı. Hazırda Adnan Əhmədzadənin “kino biznesi”nə rəhbərlik edən Zaur Darabzadə də o zamanlar Elnur Baimovun himayəsi altında “Day.az radiosu”na başçılıq edirdi. Media sahəsində külli miqdarda gəlir gətirən bu resurslar Elnur Baimovun sürətlə varlanmasının və inkişafının əsas vasitəsi rolunu oynayırdı.

Bir müddət sonra sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla yaxın dostluq münasibətləri quran Elnur Baimov, birinciyə məxsus “Qaran Holdinq”in tərkibində “Qarant Media Holdinq” yaratdığını bildirdi. Bu media holdinqə “National Geographic” və bir sıra ictimai-siyasi məzmunlu resurslar daxil edilməli idi. Lakin kütləvi ictimai tənqidlər səbəbindən “Qarant Media Holdinq” rəsmən fəaliyyətə keçə bilmədi. Bu uğursuzluq onun məmur imicinin materialist xüsusiyyətlərini də ortaya qoydu. Anar Məmmədov bu dəfə Elnur Baimovu məmur qiyafəsində cəmiyyətə təqdim etməyə çalışdı. Nəhayət, 2021-ci ilin sentyabrında Elnur Baimov Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinə rəhbər təyin edildi. O, cəmi bir neçə ay sonra, həmin ilin oktyabrında bu postdan istefa verərək yalnız biznes fəaliyyəti ilə məşğul olacağını bildirdi. Elnur Baimov NİİM-in rəhbərliyindən getsə də, öz yaxın dostunun bu quruma rəhbərlik edəcəyini qeyd etdi. Bu şəxsin kimliyi ictimaiyyətə bəllidir. Daha sonra media sahəsinə qayıdan Elnur Baimov 2013-cü ilin iyulunda Oxu.az və digər iri media resurslarını təsis etdi və bundan sonra ABŞ-a köçdü. Bir müddət səssiz qalan Elnur Baimovun Harvard Universitetində təhsil aldığı və ABŞ-da böyük biznes fəaliyyəti ilə məşğul olduğu iddiaları yayılırdı. O isə bu iddiaları nə təsdiq, nə də inkar edirdi.

Elnur Baimov Adnan Əhmədzadənin həbsindən əvvəl yenidən fəallaşıb. O, 2025-ci ilin iyun ayından öz Facebook hesabında “Azərbaycan Qlobal Media Group”a rəhbərlik etdiyini elan etdi. Bu müddət ərzində yalnız bir məqalə istisna olmaqla, bütün paylaşımlarını Adnan Əhmədzadəyə həsr edib. O, ABŞ-da Azerbaijan.us, Vestibaku, BakuHeute, Bakou24, Azerbaiyán Hoy, Baku Gündəm, Azeri.TV media resurslarını da təsis edib. Elnur Baimov barədə bütün bunları yazmaqda məqsədimiz Adnan Əhmədzadənin həbsindən sonra onun yazdığı şərhə nəzər yetirməkdir. O, Adnan Əhmədzadənin dostları tərəfindən müdafiə olunmaması ilə bağlı yazılan statusa şərh yazaraq sistemə qarşı (dövlətə, hakimiyyətə) müxalif mövqe nümayiş etdirir. Sistemin qəzəbini və bütün problemlərin məhz sistemdən qaynaqlandığını vurğulayır. Təbii ki, Elnur Baimovun son davranışları Adnan Əhmədzadənin həbsini siyasiləşdirməyə cəhd etdiyini açıq şəkildə göstərir.

Şübhəsiz ki, hər hansı həqiqi müxalifətçi belə bir şərh yazsaydı, təəccüblü olmazdı. Amma bu adam Elnur Baimovdur, Azərbaycanda qazandığı milyonlarla vəsait hesabına özünə dəbdəbəli həyat tərzi və ABŞ-ın Virciniya ştatında böyük biznes qurmuşdur. Bu siyasi sistemin hesabına layiq olmadıqları həyat səviyyəsinə çatanlar niyə sonradan müxalifətə keçirlər? Bu nədir – qisas almaq cəhdi, yoxsa başqa bir məqsəd? Aparılan araşdırmalar zamanı məlum oldu ki, Elnur Aslanov Azərbaycanı tərk edəndən sonra ABŞ-da məskunlaşmışdır. Eləcə də, Elnur Abdullayevin Azərbaycandakı böyük media layihələrini yaradan Elnur Baimov da hazırda Amerikada yaşayır. Həm Elnur Aslanovun, həm də Elnur Baimovun Elnur Abdullayevin Türkiyədə açdığı televiziya layihəsinə dəstək verdiyi və sonuncunun ABŞ-dan gələn təlimatlara əsasən hərəkət etdiyi iddia edilir.

Elnur Abdullayev kimdir və onun aparıcı saytları satın almaqda hansı marağı var?

Əli Həsənov vəzifəsindən azad edildikdən sonra onun ətrafına yığdığı və media sahəsində qeyri-şəffaf fəaliyyətlə məşğul olan şəxslərin hamısının fəaliyyəti dayandırıldı. Çünki Əli Həsənovun rəhbərlik etdiyi İctimai-Siyasi Şöbə tamamilə ləğv edildi və tarixə qovuşdu. Sonrakı dövrdə yazılan materiallardan Əli Həsənovun zamanında media adı altında hansı miqyasda manipulyasiyaların aparıldığı üzə çıxdı. Lakin problemlərin həll olunduğunu demək olmaz. Əli Həsənovun dövründə zəiflədilmiş media mühitində indi də tamamilə başqa adamlar təsiredici mövqe qazanmağa çalışır. Bu istiqamətdə apardığımız araşdırmaların nəticəsi narahatlıq doğurur. Belə ki, bizə daxil olan məlumata görə, media kimi güclü bir alət hazırda bu sahəyə heç bir aidiyyəti olmayan Elnur Abdullayev adlı şəxsin əlində cəmləşdirilir. Bu şəxs Ziya Məmmədovun dövründə “Nəqliyyatın İntellektual İdarəetmə Sistemi” və “Dövlət Avtomobil Nəqliyyat Xidməti” kimi mühüm və gəlirli vəzifələrə rəhbərlik etmişdi. Hətta onun sabiq nazirlə yaxın qohumluq əlaqələrinin olduğu iddia edilir. Vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Elnur Abdullayevin adı Türkiyədən eşidildi. Məlum oldu ki, Azərbaycan sərmayəsi ilə Türkiyədə “Haber Global” adlı televiziya kanalının açıldığı və onun başında məhz həmin şəxsin dayandığı məlum oldu. Türkiyə böyük ölkədir, orada televiziya bazarına yeni yaradılan media qurumunu daxil etmək üçün 3-5 milyon deyil, on milyonlarla vəsait tələb olunur. Təbiidir ki, belə vəsaiti Azərbaycanda heç kim uğur vəd etməyən boş layihəyə yatırmazdı. Ötən iki il fəaliyyəti ərzində sözügedən televiziyanın Türkiyə kanallarının reytinq cədvəlində son sıralarda olduğunu görürük. Deməli, belə qənaətə gəlirik ki, “Haber Global” daha çox vəsait əldə edib mənimsəmək üçün şişirdilmiş bir layihədən başqa bir şey deyildi. Həmin televiziyanın ən böyük “uğuru” Azərbaycana aid xəbərlərin məhz sosial şəbəkələrin Azərbaycan seqmentində paylaşılması olur. Elnur Abdullayev telekanal adı ilə özünə maliyyə axını təmin etməklə kifayətləndi.

Sonrakı dövrə diqqət edək. Bu dövrlə bağlı apardığımız araşdırmalardan belə məlum olur ki, Azərbaycanda nisbətən çox oxunan saytlar hədəfə alındı. Onlarla aparılan danışıqların məzmunu belə idi ki, saytlar 51-49 faiz pay bölgüsü ilə Elnur Abdullayevin nəzarətində olan şirkətə satılır. Bu yolla Azərbaycanda bir çox saytlar satın alınaraq Elnur Abdullayevin nəzarətinə keçib. Yəni faktiki olaraq həmin saytların 51 faizlik payla sahibi Elnur Abdullayevdir. Bu saytların dərin analizi göstərir ki, orada dövlət maraqlarından daha çox şəxsi və yaxın çevrə maraqları qorunur. Məsələn, Nurçu qalmaqalı ilə siyasi proseslərdən uzaqlaşdırılan şəxslərlə bağlı həmin saytlarda heç bir tənqidi material yayımlanmır. Əksinə, həmin adamların reabilitasiyası üçün ciddi ictimai rəy formalaşdırmağa cəhd edilir. Müstəqilliyini itirərək zəifləyən saytlara isə saxta trafik məlumatları əlavə etməklə, kimlərə isə hesabat verildiyi aydın görünür. Bu qrupa aid olan bəzi saytların analizi həm də onu deməyə əsas verir ki, Elnur Abdullayev və komandası bu media nümunələrindən özlərinə yaxın olan məmurların mühafizəsi, əks-qütbdə olanların isə hədəfə alınması üçün məharətlə istifadə edirlər.

Ortaya çıxan mənzərə ondan ibarətdir ki, Ziya Məmmədovun vəzifəsindən uzaqlaşdırılmasından sonra tutduğu postdan azad edilən Elnur Abdullayev sabiq İMAM Elnur Aslanov kimi gizlənib təzyiqlərdən yayınmır, əksinə, müqavimət göstərməkdə, bunu virtual mediada yeni saytlar və internet televiziyaları yaradaraq nümayiş etdirməkdədir. Hər halda Əli Həsənovun dövründə zəiflədilmiş media siyasətini, indi təcrübəsiz Elnur Abdullayevin ümidinə buraxmaq qəbuledilməzdir. Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Elnur Abdullayevin adı həbs olunan oliqarxla daha çox media sahəsində çəkilir. Belə güman edilir ki, Elnur Abdullayev Adnan Əhmədzadənin media sahəsinə ayırdığı vəsaitlərin mənimsənilməsində aktiv iştirak edən şəxslərdən biridir. Nurçu qalmaqalı ilə siyasi proseslərdən uzaqlaşdırılan şəxslərlə bağlı Elnur Abdullayevin himayəsində olan saytlarda heç bir tənqidi material yayımlanmır. Əksinə, həmin adamların yenidən reabilitasiyası üçün ciddi ictimai rəy formalaşdırmağa çalışılır. Müstəqilliyini itirərək zəifləyən saytlara isə saxta trafik məlumatları əlavə etməklə kimlərə isə hesabat verildiyi açıq sezilir. Həmin qrupa aid olan bəzi saytların analizi həm də onu deməyə əsas verir ki, bu cür media nümunələrindən Elnur Abdullayev və komandası daha çox özlərinə yaxın olan məmurların mühafizəsi, əks-qütbdə olanların isə hədəfə alınması üçün məharətlə istifadə edirlər. Lap bu günlərdə məlum media şəbəkəsinin Rusiya ərazisində Azərbaycan təyyarəsinin vurulması ilə bağlı təxribat məlumatı gələcək təhlükənin ilk işartısıdır.

Xəbər Xətti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button