Göyçay Məhkəməsi AzNar zavodunu bağladı: Yüzlərlə işçi işsiz qaldı

Göyçayda “AzNar QSC” fəaliyyətini dayandırıb: Yüzlərlə insan işsiz qaldı
Milyarder Fərhad Əhmədova məxsus Göyçaydakı “AzNar QSC” müəssisəsi fəaliyyətini dayandırıb. Şirkətin yaydığı press-relizə görə, bu addımın səbəbi qanunsuz hesab edilən məhkəmə qərarları və məhkəmə icraçılarının özbaşınalığıdır. Zavodun möhürlənməsi nəticəsində yüzlərlə yerli sakin işsiz qalıb. Bundan əlavə, müəssisənin bağlanması məhsul yığımının pik dövrünə təsadüf etdiyi üçün Göyçay-Ağsu bölgəsindəki fermerlərin minlərlə ton məhsulu qəbul edilməyib.
Müəssisənin bağlanma səbəbləri: Mübahisəli məhkəmə qərarları
Vəziyyətin yaranmasına AzNar QSC-nin İsmayıllı rayonunda fəaliyyət göstərən törəmə müəssisəsi “Kənd MMC” ilə podratçı “Qaraçay Fərdi Müəssisəsi” arasında yaranan kommersiya mübahisəsi səbəb olub. Şirkətin mətbuata verdiyi açıqlamada zavodun 26 oktyabrda Göyçay Rayon Məhkəməsinin qanunsuz saydığı qərarı və Göyçay Rayon İcra Şöbəsinin mübahisəli addımları əsasında bağlandığı bildirilir. Hazırda zavodun anbarları və istehsal avadanlıqları möhürlənib, işçilərin əraziyə daxil olması qadağan edilib, polis əməkdaşları isə gecə-gündüz qapılarda nəzarət aparır.
“AzNar”ın hüquqi mübarizəsi və nəticələri
Mübahisənin kökündə 2019-cu ildə tərəflər arasında imzalanan, ümumi dəyəri təxminən 3,2 milyon manat olan üç müqavilə dayanır. İşin həcmi sifarişçi tərəfindən dəqiq müəyyən edilməsinə baxmayaraq, podratçı öz öhdəliklərini birtərəfli qaydada aşaraq əlavə işlər icra edib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli hesabatına görə, podratçının icra etdiyi işlərin dəyəri 5,317 milyon manatı ötüb. Yəni, podratçı Fərhad Əhmədovun sifarişindən 2 milyon manatlıq artıq iş görüb və hazırda bu məbləğin ödənilməsini tələb edir. Məhkəmə isə podratçının xeyrinə qərar çıxarıb. “AzNar” isə həmin pulu ödəmək fikrində olmadığını nümayiş etdirir.
Qeyd edək ki, bu, Fərhad Əhmədovun biznesləri və mülkləri ilə bağlı onun əleyhinə çıxarılan ilk məhkəmə qərarı deyil. Bu vəziyyət milyarderin həm hüquqi, həm də maliyyə məsələlərində davamlı çətinliklərlə üzləşdiyi qənaətini yaradır.
Fermerlər və mövsümi işçilər ağır vəziyyətdə
Nəticədə, uzun illər “AzNar QSC” ilə əməkdaşlıq etmiş fermerlər məhsullarını şirkətə sata bilməyiblər. Məhsulun bir hissəsinin bağlarda çürüyüb zay olduğu bildirilir. Həmçinin, Göyçay və qonşu rayonların mövsümi müqavilələrlə işləyən yüzlərlə sakini gəlirlərini itirib. Şirkətin isə milyonlarla dollarlıq itki ilə üzləşdiyi və bu itkilərin gündən-günə artdığı qeyd olunur.




