Baş xəbər

Rusiya Avropa ilə müharibəyə hazırdır

Rusiya və ABŞ Ukraynada sülh danışıqları üzrə irəliləyişə nail olmayıb. 

Bunu Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov rusiyalı jurnalistlərə bildirib. 

Dekabrın 2-də Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Vitkof və Cared Kuşner arasında görüş 5 saatdan çox çəkib. 

“Tərəflər Ukraynada böhranı həll etməyə nə daha yaxın, nə də daha uzaqdırlar. Görülməli çox iş var”, – Uşakov deyib. 

Buna baxmayaraq, Uşakov görüşü “son dərəcə faydalı, konstruktiv və informativ” adlandırıb. 

“Biz konkret ABŞ təkliflərini müzakirə etmədik, lakin bu ABŞ sənədlərinə daxil edilənlərin mahiyyətini müzakirə etdik. Bəzi məsələlərlə razılaşa bilərdik və prezident, həmçinin, bir sıra təkliflərə qarşı tənqidi və hətta mənfi münasibətimizi gizlətmədi”, – o əlavə edib. 

ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı “bəzi irəliləyişlər” əldə edilib.

“Bizim etməyə çalışdığımız – və düşünürəm ki, müəyyən irəliləyiş də əldə etmişik – ukraynalılara gələcəkdə nələrin təhlükəsizlik zəmanəti verəcəyini müəyyənləşdirməkdir”, – o, dekabrın 2-də “Fox News”a deyib. 

Rubio əlavə edib ki, ABŞ əldə olunacaq kompromisin Ukraynaya “sadəcə iqtisadiyyatını bərpa etməyə yox, həm də bir ölkə kimi inkişaf etməyə” imkan verəcəyinə ümid edir. 

Putin Trampın nümayəndələri ilə görüşündən öncə rusiyalı jurnalistlərə açıqlamasında Avropa ölkələrini Ukraynada sülhü sabotaj etməkdə ittiham edib. 

O bildirib ki, müharibənin dayandırılması ilə bağlı “Avropanın tələbləri Rusiya üçün qəbuledilməzdir”.

“Avropa ABŞ administrasiyasının Ukraynada sülhə nail olmasına mane olur. Rusiya Avropa ilə vuruşmaq niyyətində deyil, amma Avropa başlayarsa, biz buna dərhal hazırıq”, – o deyib. 

Putin Avropa ölkələrinin hansı tələblərini qəbuledilməz hesab etdiyinə aydınlıq gətirməyib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Xəbər Xətti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button