Sosial

Sərt qış Eldar Əzizovu sınaqdan çıxara bilər

Paytaxtın qışa hazırlığı: Müşavirələr və reallıq

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt rayonlarında qışa hazırlıq tədbirlərinin başa çatdığını elan edib. Bildirilib ki, mövsümə, xüsusilə qarlı havalara hazırlıqla bağlı təsdiq edilmiş tədbirlər planları icra olunub. Hazırda şəhərin və rayonların kommunal xidmətlərinin xüsusi təyinatlı texnikası hazır vəziyyətə gətirilib, əlavə tədbirlər həyata keçirilib.

Görülən işlərə nəzarəti gücləndirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib. Son olaraq Suraxanı, Səbayel və Nəsimi rayonlarında Bakıda qarlı havalara hazırlıq tədbirlərinin vəziyyəti müzakirə olunub. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərləri, eləcə də özəl sektorun nümayəndələri iştirak ediblər. Hər bir sahə rəhbərinin hesabatı dinlənilib.

Müşavirələrdə qeyd edilib ki, rayonlardakı hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli, yağıntılar zamanı bitişik əraziləri qardan və buzdan təmizləmək üçün müvafiq addımlar atmalıdır. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikasının cəlb edilməsi qərara alınıb. Eyni zamanda, ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə və ictimaiyyət nümayəndələrinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.

Təkrarlanan problemlər və vətəndaş narazılığı

Lakin təcrübə göstərir ki, bu kimi toplantılar və verilən tapşırıqlar hər il təkrarlansa da, qış gələndə mənzərə dəyişmir. Qar yağdığı günlərdə paytaxtın mərkəzi küçələri nisbətən təmizlənsə də, Bakının böyük hissəsi – məhəllələr, ara yollar, hündürmərtəbəli yaşayış komplekslərinin ətrafı, piyada səkiləri – saatlarla, bəzən günlərlə buz və qar altında qalır.

Qış aylarının ən ciddi problemi nəqliyyatın iflic olmasıdır. Hər il eyni ssenari təkrarlanır: azca qar yağanda avtobuslar gecikir, metro çıxışlarında sıxlıq yaranır, əsas magistral yollarda qəzaların sayı artır, taksi qiymətləri isə kəskin şəkildə yüksəlir. Bu hallar qışa hazırlıq səviyyəsinin yetərli olmadığını bir daha sübut edir.

Məsuliyyət məsələsi: Eldar Əzizov və icra başçılarının “sınağı”

Bakıda qışa hazırlıqla bağlı müşavirələr, rəsmi çağırışlar və protokol qərarları həmişə çox olur. Əsas problem bu sənədlərin mövsüm başlayanda necə icra olunmasındadır. Görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxsin təyin edilməsi xüsusi maraq doğurur. Bu addım Bakı meri Eldar Əzizovun rəhbərliyi altında fəaliyyət göstərən “fövqəladə komanda”nın üzərinə ciddi məsuliyyət qoyulduğunu və onlardan rayon rəhbərliyinin qışa hazırlıq mövsümündə gördüyü işlərlə bağlı dəqiq hesabat tələb olunacağını göstərir.

Paytaxtda Binəqədi, Xətai, Sabunçu, Nizami, Nərimanov, Nəsimi, Qaradağ, Səbayel, Xəzər, Yasamal, Pirallahı və Suraxanı olmaqla 12 rayon var. Eldar Əzizov Bakı şəhəri üzrə icraedici hakimiyyətin ümumi rəhbəridir. Belə görünür ki, bu qış sərt keçərsə, bir neçə icra başçısı “sınaqdan” keçə bilməyə bilər. Bu sınaq həm də Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizovun idarəetmə effektivliyini göstərəcəkdir.

Deputatların mövqeyi: Təkrarlanan çətinliklər və həll yolları

Parlamentin üzvü Arzuxan Əlizadə hər ilin oktyabr-noyabr aylarında Bakı Şəhər İcra Hakimiyyətində müşavirələrin keçirildiyini, rayon rəhbərləri və kommunal xidmətlərə cavabdeh şəxslər qarşısında tapşırıqlar qoyulduğunu qeyd edib. Deputatın sözlərinə görə, bu tapşırıqlar qışın bütün çətinliklərinə hazır olmaq, ön tədbirlər görmək və əhalinin üzləşdiyi çətinlikləri aradan qaldırmaqla bağlıdır. Lakin A. Əlizadə hər qış şəhər əhalisinin eyni problemlərlə üzləşdiyini vurğulayıb: “Təəssüf ki, təbiət şıltaqlıq edəndə Bakıda ciddi problemlər yaranır. Məsələn, bir neçə gün ardıcıl yağış olanda yeraltı keçidlər su ilə dolur, kanalizasiya xətlərinin yararsızlığı üzə çıxır, qar yağanda isə texnikaların çatışmazlığı problemi meydana gəlir. Nəticədə əziyyət çəkən şəhər əhalisi olur”. O, bu il həmin çətinliklərin təkrarlanmayacağına ümid etdiyini bildirib. Müasir dövrdə vətəndaşların qar və yağış problemləri ilə üzləşməməsi vacibliyini qeyd edən deputat, mövcud müasir texnikaların təbiətin yaratdığı çətinlikləri tezliklə aradan qaldırmağa imkan verdiyini vurğulayıb.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli isə bildirib ki, paytaxt keçən il də qışa hazırlıqsız idi və bütün çatışmazlıqları, nöqsanları üzə çıxardı. Onun sözlərinə görə, avtobusların intervalında gecikmələr, yolların qardan təmizlənməsi və kommunal xidmətlərin fəaliyyətində problemlər yaşanıb. Hər il xüsusən paytaxtın ətraf ərazilərində işıq, qaz və su problemləri yaranır, yollarda nəqliyyatın hərəkəti çətinləşir, vətəndaşlar dayanacaqlarda avtobus gözləyərkən çətinlik çəkirlər. Samir Əsədli yalnız şəhərin mərkəzi küçələrinin texnika ilə qardan təmizlənməsinə şahid olduğumuzu, Bakının əksər ərazilərində, o cümlədən Qızıldaş, Müşviqabad və digər qəsəbələrdə ciddi problemlərin yaşandığını vurğulayıb. Partiya funksioneri, paytaxtın qışa hazırlıq üçün kompleks işlər görməsinin zəruriliyini qeyd edib. O, Eldar Əzizovun rəhbərliyi ilə keçirilən iclasların tədbir xatirinə deyil, real işlər görmək üçün təşkil olunmasının vacibliyini dilə gətirib. XXI əsrdə əhalinin azca qar yağan kimi problemlərlə üzləşməsini qəbuledilməz adlandıran Əsədli, icra hakimiyyətlərinin səmərəsizliyini vurğulayaraq, Türkiyə və Avropa ölkələrində olduğu kimi bələdiyyələrə səlahiyyət verilməsi və funksiyalarının artırılmasının dövlətin yükünü azaldacağını bildirib.

Xəbər Xətti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button