Maliyyə maxinatoru Müseyib Həmzəyevin oğluna yarım milyonluq toyu

AAYDA ətrafında dəbdəbəli toy mərasimləri və müzakirələr
Son günlər təmtəraqlı toy mərasimləri ilə geniş müzakirələrə səbəb olan Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yenidən dəbdəbəli xeyir işlə diqqət mərkəzinə düşüb. Məlumatlara görə, bir müddət əvvəl Agentliyin Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanov oğluna “Elux Event Hall” məkanında möhtəşəm toy edib. Mərasim dövlət səviyyəli tədbirlərlə müqayisə oluna biləcək miqyasda təşkil edilib. Ölkənin tanınmış müğənniləri, o cümlədən Aygün Kazımova və Röya Ayxan toyda iştirak edib. Yayılan xəbərlərə görə, təkcə müğənnilərə 150 min manat vəsait xərclənib. Qonaqlar arasında 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Hikmət Seyidov da olub. Seyidov ailəsi ilə birlikdə iştirak etdiyi toya 20 min ABŞ dolları dəyərində qızıl-brilyant hədiyyə təqdim edib.
Müseyib Həmzəyevin oğluna “Böyük Saray”da təmtəraqlı toy
Namiq Fərmanovun oğlunun geniş rezonansa səbəb olan bahalı toy mərasimindən sonra, AAYDA-nın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev də “Böyük Saray”da oğlu Sənan Həmzəyevə toy edib. Məlumata görə, bu toy üçün dəvətnamələrin hər birinin 50 manata hazırlandığı, bir toy masasının qiymətinin isə 500 manat olduğu bildirilir. Həmzəyevlərin toyuna 600 nəfər qonaq dəvət olunubmuş. Mərasimdə çıxış edən müğənnilərə, təxminən, 200 min manatdan çox vəsait ödənilib. İlkin hesablamalar toyun ümumi xərcinin yarım milyon manatdan artıq olduğunu göstərir. Məmur oğlunun xeyir işində Nuri Sərinləndirici, Aygün Kazımova, Röya Ayxan və ölkənin digər məşhur müğənniləri iştirak ediblər. Bu cür dəbdəbəli toy mərasimlərinin təşkili sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. İctimaiyyət arasında məmur maaşı ilə belə təmtəraqlı toyların keçirilməsinin mümkün olmadığı ilə bağlı fikirlər səsləndirilir.
Müseyib Həmzəyevin keçmişi və karyerası
Qeyd edək ki, Müseyib Həmzəyev vaxtilə Arif Əsgərovun rəhbərlik etdiyi Azərbaycan Dəmir Yolları idarəsində baş vermiş bütün maliyyə pozuntularında əsas rol oynamış, dövlət büdcəsinə ciddi zərər vurmuşdu. Apardığımız araşdırmalara görə, Cavid Qurbanovun rəhbərliyi dövründə Azərbaycan Dəmir Yolları QSC-də müəyyən nizam-intizamın bərqərar olmasından sonra M.Həmzəyev xidmət rəisi Elşən Məmmədovla birlikdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC)-yə keçdi. Qısa müddət ərzində Elşən Məmmədov güvəndiyi Nəqliyyat nazirinə arxalanaraq burada da özbaşınalıq etməyə cəhd edərkən, Müseyib Həmzəyev vəziyyətdən istifadə edərək, əvvəllər birgə fəaliyyət göstərdiyi E.Məmmədovu rəhbərliyə ifşa etdi və özünü sadiq birisi kimi təsdiqləyərək çoxdan arzusunda olduğu Maliyyə İdarəsi rəisi vəzifəsinə təyin olundu. Beləliklə, keçmiş maliyyə pozuntularında adı hallanan şəxs indiki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Maliyyə İdarəsinin rəisi postunu tutdu.
Əlavə fakt: Vergi borcları
Onu da qeyd edək ki, Müseyib Həmzəyevin qardaşı oğlu Zaur Həmzəyev AAYDA-ya bağlı olan “Bakı 1 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir. Hazırda bu MMC-nin 715 318 AZN vergi borcu mövcuddur.




