Beynə yol açılır: gələcəyin təhlükəli planı

Süni intellekt (Sİ) texnologiyaları ilə bağlı növbəti sensasion təşəbbüs ictimai müzakirələrə səbəb olub. İnsan beyninin texnologiya ilə birbaşa əlaqələndirilməsi artıq elmi-fantastika yox, real layihə kimi təqdim edilir.
Musavat.com xəbər verir ki, insan beyni ilə süni intellekt arasında birbaşa əlaqə qurmağı hədəfləyən Merge Labs adlı startap yeni yanaşma təklif edir. Layihəyə OpenAI-nin qurucularından biri, ChatGPT-nin yaradıcı fiqurlarından olan Sam Altman sərmayə yatırıb.
Startapın təqdim etdiyi üsul Neuralink-dən fərqli olaraq əməliyyat tələb etmir. Kəllə sümüyü açılmır, beyinə çip yerləşdirilmir. Bunun əvəzinə başa yapışdırılan xüsusi sensor vasitəsilə beyin siqnallarına təsir göstərilməsi planlaşdırılır. Şirkət bildirir ki, bu yanaşma daha təhlükəsiz və sadədir.
İlkin mərhələdə texnologiyanın travma keçirmiş və ya beyin xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi daşıdığı deyilir. Lakin uzunmüddətli hədəflər cəmiyyətdə narahatlıq doğurur. Şirkət gələcəkdə bu texnologiyanın “insan imkanlarını genişləndirəcəyini” açıq şəkildə bəyan edir.
Müzakirələri daha da qızışdıran məqam süni intellektin psixoloji təsiri ilə bağlı son qalmaqallardır. Xüsusilə ChatGPT ətrafında yayılan bəzi faciəli hadisələr fonunda, texnologiyanın insan düşüncəsinə bu qədər yaxınlaşması ciddi suallar yaradır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, süni intellektin nəzarətsiz şəkildə insan şüuruna yaxınlaşdırılması təhlükəli nəticələr doğura bilər.
