Elçin Babayev BDU-nu “ağlar günə qoydu”: Saxta yollar, bərbad yemək və lift qadağası

Elçin Babayevin Rəhbərliyi Altında Bakı Dövlət Universitetində Narazılıqlar Artır
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin vəzifədə fəaliyyətinin artıq 6 ildən çox müddəti geridə qalıb. Azərbaycan cəmiyyətində tez-tez xatırlanan “vəzifəyə yeni gələn gedənin atasına rəhmət oxutdurur” deyimi, Abel Məhərrəmovdan sonra rektor kürsüsünə əyləşən Babayevdən böyük gözləntilər yaradırdı. Universitetdə rüşvət hallarının aradan qaldırılacağı ümid edilirdi. Lakin zaman keçdikcə bu gözləntilərin özünü doğrultmadığı görünür. İddialara görə, BDU-da tətbiq edilən “yeniliklər” Babayevin Elmin İnkişafı Fonduna rəhbərlik etdiyi dövrdə mənimsədiyi və tətbiq etdiyi qazanc üsulları ilə bənzər xarakter daşıyır.
Bufet Xidmətlərində Keyfiyyət və Qiymət Problemləri
Bütün dünya təcrübəsində universitet bufetləri tələbələrin həm qidalanması, həm də sosiallaşması üçün əlverişli məkanlar hesab olunur. BDU-da da Elçin Babayev rektor təyin olunana qədər vəziyyət belə idi. Əvvəllər tələbələr simvolik qiymətə çay ala, ödənişsiz isti su götürüb, öz gətirdikləri məhsulları əlavə edə, çay aldıqda limitsiz şəkildə şəkər və konfet götürüb rahatca oturub söhbət edə bilərdilər. Lakin bütün bufetlərin özəlləşdirilməsindən sonra vəziyyət köklü şəkildə dəyişib. Artıq şəkər və konfet təqdim edilmir, isti su isə verilmir. Buna səbəb kimi bütün məhsulların qəbz əsasında təqdim edilməsi və isti su üçün qiymətin müəyyən edilməməsi göstərilir. Məsələni soruşan bir tələbəyə isə “əvvəllər 2 manata çay alıb 3 saat otururdu hamı” cavabı verilib. Sual yaranır: BDU bufetlərinin əsas məqsədi gəlir əldə etməkdir, yoxsa tələbələrə rahat şərait yaratmaq? Tələbələr öz universitetlərinin kafesində rahat vaxt keçirmək üçün əlavə xərclərəmi məruz qalmalıdırlar?
Qida Məhsullarının Keyfiyyətsizliyi və Yüksək Qiymətlər
Bakı Dövlət Universitetinin tələbələri ali təhsil müəssisəsində satılan yeməklərin keyfiyyətindən və qiymətindən narazılıq edirlər. Hər il qiymətlərdə müəyyən artımlar müşahidə olunsa da, keyfiyyət səviyyəsi qənaətbəxş deyil. Tələbələr bildirirlər ki, məsələn, dürümün tərkibinin əksər hissəsini kahı təşkil edir. Təkcə bu məhsulda deyil, digər yeməklərin keyfiyyətində də problemlər müşahidə olunur, bəzilərinin hətta köhnə olduğu iddia edilir. Tələbələr bu qiymətlərin onların büdcəsinə uyğun olmadığını, keyfiyyət artırılmadığı halda qiymət artımının ədalətsiz olduğunu vurğulayırlar. Onlar bu məsələdə müvafiq tədbirlərin görülməsini tələb edirlər.
Liftlərin İş Qrafikinə Qoyulan Məhdudiyyət
Elçin Babayevin rəhbərliyi dövründə Bakı Dövlət Universitetində daha bir qəribə qayda tətbiq edilib. Belə ki, universitetdə liftlərin iş qrafikinə məhdudiyyət qoyulub. BDU-nun magistr pilləsi tələbələrinin bildirdiyinə görə, axşam saat 18:00-dan sonra liftlərin fəaliyyəti dayandırılır ki, bu da dərsləri bitən magistrləri 9-cu mərtəbədən piyada enməyə məcbur edir. Bu məsələ dəfələrlə qaldırılsa da, universitet rəhbərliyi tərəfindən “axşam növbəsində lift nəzarətçisi ştat vahidi yoxdur” cavabının verildiyi qeyd olunur.




