Baş xəbər

“2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi Samir Aşurov və Mehman Əliyevə hədə-qorxu gəlib”

Həbsdə olan işçi hüquqları fəalı Afiəddin Məmmədov ictimaiyyətə müraciət edərək saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin bəzi məhbuslara hədə-qorxu gəldiyini bildirib.

Yaxınlarının ictimailəşdirdiyi müraciətdə fəal qeyd edir ki, buna səbəb onun da daxil olduğu, “siyasi məhbus” kimi tanınan bir neçə nəfərin yaxınlarda Siyasi Məhbusların Müdafiə Komitəsini yaratmasıdır.

Onun sözlərinə görə, müəssisə rəhbərliyi təşkilatçılardan Samir Aşurov və Mehman Əliyevi çağıraraq onlara hədə-qorxu gəlib.

S.Aşurovun həyat yoldaşı Nuranə Aşurova “Toplum TV”-yə bildirib ki, onunla sonuncu dəfə noyabrın 26-da telefonla danışıb və o, müəssisədə “problemlərin yaşandığını” deyib, lakin açıq danışa bilməyib.

A.Məmmədov əlavə edib ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi məhbusların şikayətlərini dövlət qurumlarına çatdırmasına mane olur.

“Şikayətlərin qarşısı alınır, şikayətlərə əhəmiyyət verilmir. Problemlərin həllində maraqlı deyillər. Hədə-qorxu, təhdid, işgəncələrə etiraz edən məhbusları susdurmağa çalışırlar”, – o bildirib.

“Bütün siyasi məhbuslara yalnız şüşə arxasından görüşə icazə verilir. Telefonla danışmaq hüququmuzdan istifadə etməyimizin mümkün olmaması üçün siyasi məhbusların adlarını sayımda ən sonda adlandırırlar. Sayımda adlarımız sonda olduğuna görə telefonla danışmaq növbəsinə çatmırıq”, – deyə o əlavə edib.

N.Aşurova da həyat yoldaşının telefon növbəsinə adətən tez, sonuncu dəfə isə gec çıxdığını təsdiqləyib.

A.Məmmədov bildirib ki, “siyasi məhbus”lara qarşı hər hansı provokasiya baş verərsə, buna görə ədliyyə naziri Fərid Əhmədov və Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov məsuliyyət daşıyır.

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir.

O, Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələri ilə ittiham olunur.

A.Məmmədov ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz aksiyası zamanı saxlanılmış və 30 sutka inzibati həbs edilmişdi.

Bu il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

A.Məmmədov ittihamı qəbul etmir və hüquq müdafiəsi fəaliyyətinə görə cəzalandırıldığını bildirir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Xəbər Xətti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button