Referans Naxçıvan: Baş həkim Variz İsmayılov laborant çıxdı

Referans klinikası ətrafında artan narazılıqlar
Mediada və sosial platformalarda Referans klinikası ilə bağlı tez-tez şikayətlərə rast gəlinir. Bu narazılıqların əsas səbəblərindən biri analiz nəticələrinin digər tibb müəssisələri ilə fərqli nəticələr göstərməsidir. Bundan başqa, özəl klinikalarda çalışan bəzi həkimlərin müəyyən faiz müqabilində öz pasiyentlərini analizlər üçün məhz Referansa göndərməsi də artıq geniş şəkildə yayılmış məlumatlardandır.
Referans Naxçıvanın baş həkimi: Laborant müəmması
Teleqraf-ın mövzu ətrafında apardığı araşdırma nəticəsində daha bir maraqlı məqam üzə çıxıb. Məlum olub ki, ötən il fəaliyyətə başlayan Referans Naxçıvan Tibb Mərkəzinin baş həkimi laborantdır. Söhbət 32 yaşlı Variz İsmayılovdan gedir.
Klinikanın rəsmi saytında bu müəssisədə çalışan digər həkimlərin təhsil aldığı universitetlər qeyd edilsə də, Variz İsmayılovla bağlı məlumatlarda onun tibbi təhsil profili barədə heç bir məlumata rast gəlinmir. Bu vəziyyətdə bir laborantın ixtisaslı həkimlərə necə rəhbərlik etdiyi ciddi suallar yaradır.
Tibb müəssisəsi rəhbərlərinə dair qanunvericilik
Həkim-laborant, tibb personalının tələbi əsasında xəstələrdən qan, sidik, toxuma kimi bioloji nümunələri qəbul edən, hazırlayan və analiz edən mütəxəssisdir. Bu analizlərin nəticələri müəyyən edilərək həkimlərə təqdim olunur və xəstəliklərin diaqnostikasında mühüm rol oynayır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş tibb müəssisəsinin rəhbərləri haqqında təlimatda bildirilir ki, tibb müəssisəsinin rəhbəri vəzifəsinə ali tibb təhsili olan (baş direktor və direktor vəzifəsinə əlavə olaraq ali iqtisadi və ya ali hüquqi təhsili) və ixtisası üzrə ən azı 5 il əmək stajına malik şəxs təyin edilir. Bu tələblər Variz İsmayılovun mövcud vəziyyəti ilə uyğun gəlmir.
“Referans Medical Group”un sahiblik iddiaları
Xatırladaq ki, “Referans Medical Group”un rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanova məxsusluğu iddia olunur.




