Ölkə

Azərbaycan Elm və Təhsil Nazirliyi 18 milyondan çox tenderi tək şirkətə verdi: Şübhələr artır

Təhsil Nazirliyinin milyonluq tenderləri və şirkətin qalibiyyət seriyası

Azərbaycan Elm və Təhsil Nazirliyi (ETN) növbəti böyük tenderə yekun vurub. Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən elan edilmiş təhsil müəssisələrinin internet şəbəkəsi ilə təmin edilməsi xidmətləri üzrə tenderin qalibi “TEXNO LYUKS M MMC” olub. Bu tender çərçivəsində tərəflər arasında 2 milyon 894 min 491 manat dəyərində müqavilə imzalanıb.

Açıq mənbələr üzərində aparılan araşdırmalar göstərir ki, sözügedən MMC Elm və Təhsil Nazirliyi üçün yeni bir tərəfdaş deyil. Əksinə, şirkət daha əvvəl də nazirliyin bir sıra iri tenderlərində qalib gəlib.

ETN tenderlərində MMC-nin davamlı uğuru

Sözügedən şirkətin fəaliyyəti təhlil edildikdə məlum olur ki, o, son illərdə yalnız Elm və Təhsil Nazirliyinin tenderlərini udub. Şirkət 2024-2025-ci illər ərzində ümumilikdə 5 tenderdə iştirak edib və bu tenderlərin hamısı ETN-ə məxsus olub. Məsələn, cari ilin iyulun 15-də ETN təhsil müəssisələrinin yüksəksürətli intranet şəbəkəsinə qoşulması, müəssisə daxili şəbəkənin genişləndirilməsi və şəbəkənin dayanıqlığının təmin olunması tenderini bu şirkətə verərək, bunun müqabilində 4 milyon 271 min 495 manat ödəyib. Bundan cəmi beş gün əvvəl isə MMC nazirliyin Ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulması, şagirdlərin məsafəli təhsilə cəlb edilməsi ilə əlaqədar məktəblərin fiber-optik kabellə internetə və daxili şəbəkəyə qoşulması işlərini həyata keçirib. Bu xidmətlərə görə 2 milyon 498 min 534 manat məbləğində ödəniş edilib.

Ötən ilin sentyabr ayında da oxşar iki tender reallaşıb. Təhsil müəssisələrinin yüksəksürətli internet şəbəkəsinə qoşulması, daxili şəbəkənin genişləndirilməsi və dayanıqlığının təmin olunması ilə bağlı proqram təminatlarının və avadanlıqların satın alınması üzrə müsabiqəni də sözügedən şirkət udub. Bu müqavilənin dəyəri 4 milyon 857 min 121 manat təşkil edib. Eyni məzmunlu ikinci tender üzrə isə şirkət 3 milyon 987 min 898 manat əldə edib. MMC 2022-2023-cü illərdə də yalnız Elm və Təhsil Nazirliyinin tenderlərinin qalibi olaraq qalıb.

Bu göstəricilər son bir ildə yalnız internet xidmətlərinə 18 milyon 419 min 540 manat xərcləndiyini, eyni zamanda sözügedən şirkətlə nazirlik arasında şəffaf olmayan bir anlaşmanın ola biləcəyi ehtimalını gücləndirir. Belə ki, yalnız bir dövlət qurumunun tenderlərini davamlı olaraq qazanan bir şirkətin fəaliyyəti suallar doğurur.

Şirkət rəhbəri Emin Əliyev və iddia edilən dövlət məmuru əlaqəsi

Nizamnamə kapitalı cəmi 50 manat olan “TEXNO LYUKS M MMC” 2018-ci ildə yaradılıb və hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar, ev 24, m. 12-də yerləşir. Şirkətin qanuni təmsilçisi Emin Əliyev Arif oğludur.

Onun haqqında açıq mənbələrdə geniş məlumat yoxdur. Lakin aparılan araşdırmalar zamanı maraqlı bir ehtimal irəli sürülüb: sözügedən şirkətin sahibinin atasının dövlət vəzifəsində çalışması mümkündür. Belə ki, Emin Əliyev və Arif Əliyev arasında, o cümlədən eyni ərazidə yaşadıqları iddiası əsasında bəzi üst-üstə düşən məqamlar aşkarlanıb.

Arif Əliyevin isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vətəndaşların qəbulu şöbəsinin müdiri vəzifəsində çalışdığı məlumdur. O, 2020-ci ildə dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilib.

Məsələ ilə bağlı tərəflərin mövqeyini dinləməyə hazırıq.

Xəbər Xətti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button