Tramp Azərbaycandan rüşvət almaqda ittiham olunan konqresmeni əfv edib

ABŞ prezidenti Donald Tramp Azərbaycandan rüşvət almaqda ittiham olunan konqresmeni əfv edib.
O, dekabrın 3-də “Truth Social” platformasında Demokratlar Partiyasından olan konqresmen Henro Kuelyarı və həyat yoldaşı İmelda Kuelyarı əfv etdiyini elan edib.
Tramp iddia edib ki, əvvəlki prezident Co Bayden və onun rəhbərlik etdiyi administrasiya ölkənin ədliyyə sistemini prezidentin rəqiblərinə, hətta Demokratlardan olan tənqidçilərinə qarşı sui-istifadə edib.
Kuelyar “X” səhifəsində prezidentə “möhtəşəm liderliyinə və vaxt ayırdığına” görə təşəkkür edib.
Kuelyarlar ötən ilin mayında Meksikada bir bankdan və Azərbaycana məxsus bir neft-qaz şirkətindən 600 min dollar rüşvət almaqda ittiham olunub. Özləri isə təqsirsiz olduqlarını iddia edirlər.
İttihamnaməyə əsasən, o, pul qarşılığında Konqresdə Azərbaycanın maraqlarının müdafiəsi üçün çalışıb.
Bu iş üzrə azərbaycanlı İradə Axundovaya da ittiham irəli sürülüb. O, ABŞ Ədliyyə Nazirliyində xarici agent kimi qeydiyyatdan keçmədən Azərbaycan maraqlarının agenti kimi fəaliyyət göstərməkdə ittiham edilib. Onun ittihamı qəbul etdiyi, hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq etdiyi açıqlanıb.
Azərbaycan hökuməti iddiaya münasibət bildirməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.




