Vüqar Cahangirov Gəncə Regional Kollecdə: İki maaş və qanunsuz pul yığımı iddiaları

Gəncə Regional Kollecində Həmkarlar İttifaqının Sədri ilə Bağlı Maliyyə Pozuntuları İddiaları
Gəncə Regional Kollecində Həmkarlar İttifaqı sədri Vüqar Cahangirov barədə ciddi maliyyə pozuntuları və səlahiyyət sui-istifadəsi iddiaları səsləndirilib. Müəllim heyəti onun həm tam ştatlı müəllim kimi dərs deməsindən, həm də tam ştatlı sədr olaraq 800 manat əməkhaqqı almasından narazıdır. Qanunvericiliyə əsasən, bu vəzifə yalnız yarım ştat həcmində icra edilə bilər.
Qarabağ Səfəri Üçün Yığılan Vəsaitlər və Şəffaf Olmayan Xərcləmələr
2025-ci ilin avqust ayında müəllimlərdən Qarabağa səfər üçün 15 manat məbləğində pul yığılması digər bir narazılıq mövzusu olub. Vüqar Cahangirov bu vəsaitin portalda qeydiyyat ödənişi kimi tələb olunduğunu bildirib. Lakin toplanan məbləğin hansı əsasla yığıldığı və hara xərcləndiyi barədə müəllimlərə heç bir rəsmi hesabat təqdim edilməyib. Qeyd edək ki, portalda qeydiyyatdan keçmək üçün hər hansı ödəniş tələb olunması qanunsuzdur. Dövlət orqanlarının xidmətləri, xüsusilə təhsil və sosial tədbirlərlə bağlı, yalnız qanunla müəyyən olunmuş rüsum əsasında ödənişli ola bilər. Əgər Qarabağa səfər və ya portal qeydiyyatı rəsmi dövlət tədbiridirsə, onun ödənişli olması yalnız Nazirlər Kabinetinin qərarı və ya qanunvericiliklə təsdiq edilməlidir. Fiziki şəxslər tərəfindən ödəniş toplanması və bunun portal qeydiyyatı ilə əsaslandırılması qanunvericiliyə zidd hesab olunur və maliyyə pozuntusu kimi qiymətləndirilir.
Şəxsi Mühasibin Təyin Edilməsi və Səfər Xərclərinin Müəllimlərə Yüklənməsi
Qarabağa təşkil olunan müəllim səfərində yalnız nəqliyyat xərcini ödədiyi bildirilən sədr, müəllimlərin yolda yediyi və içdiyi hər şeyin hesabını özlərinin ödəməsini tələb edib. Bu isə qurumun büdcəsindən yüksək məbləğdə vəsaitin silindiyi şübhələrini gücləndirir. Eyni zamanda, onun sədri olduğu təşkilatda özünə aylıq 400 manat əməkhaqqı ilə şəxsi mühasib təyin etdiyi iddia edilir. Bu hərəkət həm qanunsuzluq, həm də etik prinsiplərin pozulması kimi dəyərləndirilir.
Müəllim Hüquqlarının Pozulması və Araşdırma Tələbi
Kollektivin əsas narazılıqlarından biri də Vüqar Cahangirovun direktor Xoşqədəm Xudiyevanın qanunsuz göstərişlərinə etiraz etmədən tabe olması və müəllimlərin hüquqlarını müdafiə etmək üçün heç bir təşəbbüs göstərməməsidir. Müəllimlər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevin bu iddiaları araşdıracağını və tezliklə məsələyə münasibət bildirəcəyini ümid edirlər. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.



